Tarixən təxribata, təcavüzə meyilli bir millətin, 30-ilə yaxındır ki əsarətinə məruz qalan, dağıdılan, talan edilən tariximiz, mədəniyyətimiz və infrastukturumuz... Məlumdur ki, mənfur düşmən uzun illərdir Qarabağ və ətraf rayonlarımızda sovet dövründə çəkilən avtomobil yollarının, dəmiryolu xətlərinin bir qismini tamamilə məhv edib, bir qismini isə, istifadə etsələr də, artıq yararsız vəziyyətdədir.
10 noyabrda qəbul edilmiş razılaşmaya əsasən isə, Dağlıq Qarabağ ilə Ermənistan arasındakı əlaqəni təmin etmək üçün, Şuşa şəhərinə toxunmayacaq şəkildə yeni yol çəkiləcək. Bu zaman ortaya bir neçə sual çıxır. Görəsən həmin yolun siyasi əhəmiyyəti nədir? Azad edilən ərazilərimizə gediş-gəlişi bərpa etmək üçün yeni alternativ yollara ehtiyac varmı? Bunun üçün nə qədər vəsait lazımdır?
Hafta.az-ın əməkdaşı yaranmış bütün suallara aydınlıq gətirmək üçün mütəxəssislərə müraciət etdi. İlk olaraq Nəqliyyat Eksperti Ərşad Hüseynov söylədi ki, işğaldan azad edilmiş bütün ərazilərimizdə yol təsərrüfatını tamamilə yenidən qurmaq lazımdır. Burada həm avtomobil, həm də, dəmiryol xəttləri nəzərdə tutulur.
“Bəyanatda da deyilirdi ki, Naxçıvana gedən dəmiryolu xətti bərpa ediləcək. Yolun Horadiz qəsəbəsindən keçən, hətta işğaldan öncə Beyləqandan Naxçıvana olan hissəsi də bərpa edilməlidir. Düşünürəm ki, burada görüləcək çox işlər var. İşğal dövründə avtomobil yolları təmas xəttinə qədər gedirdi, təmas xəttindən sonra isə, düşmən o yolların bəzilərindən istifadə edirdi. Yenə də bu yollar bərbad vəziyyətdədir. Təmas xətti olan hissədə yollar ümumiyyətlə dağıdılmışdır. Buna görə də, tarixən mövcud olmuş bütün yol xətlərimiz bərpa edilməlidir.
Ekspert söylədi ki, azad edilmiş ərazilərimizdə həm respublika, həm də beynəlxalq əhəmiyyətli yollar var. Bütün bu yollar yenidən bərpa edilməlidir:
“Şirvan-Bəhramtəpə-Mincivan-Naxçıvan yolunun Azərbaycan ərazisindəki hissəsi, Qubadlıdan Laçına, buradan da Cəbrayila, sonra da, Hadrut qəsəbəsinə, işğaldan azad edilmiş Xocavənd rayonunun kənd və qəsəbələrinə gedən yollar bərpa edilməlidir”.
Ə.Hüseynov onu da vurğuladı ki, işğala qədər Şuşa şəhərinə cəmi iki dənə yol gedirdi. Həmin yollardan biri Laçın, digəri isə Ağdam istiqamətindəndir. İndiki məqamda yaxşı olardı ki, Şuşanı digər rayon və şəhərlərimizlə birləşdirəcək, yeni və müasir bir yol çəkilsin:
“Şanlı ordumuz Şuşa şəhərinə cənubdan, Xocavənd rayonu tərəfdən daxil olub. Elə yaxşı olardı ki, həmin istiqamətdə çox gözəl, müasir bir yol çəkilsin. Bəyanatda da qeyd edilib ki, Qarabağın ermənilər yaşayan hissəsinə, ermənilərlə nəqliyyat dəhlizi Şuşa şəhərindən yan keçəcək. Buna görə də Şuşanın Azərbaycanın digər əraziləri ilə əlaqəsini təmin etmək üçün cənubdan, Xocavənd, Hadrud yaxud da Cəbrayıl tərəfdən yol çəkmək lazımdır. Həmin yolun bir hissəsi işğaldan azad edilsə də digər hissədə ümumiyyətlə yol yoxdur”.
Nəqliyyat ekspertinin sözlərinə görə, şimal tərəfdə də, çox ciddi işlər görülməlidir. Buradan da yeni yolların salınmasına və mövcud infrastrukturun bərpasına ehtiyac var:
“Yəqin ki, bir müddət Kəlbəcər rayonuna, Laçın rayonunun şimal hissəsinə, Gəncə tərəfdən daxil olmağa ehtiyac olacaq. Göygöl-Toğana-Kəlbəcər yolu var ki, həmin yol da Murov dağından –Ömər aşırımından keçir. Bu yol çox pis vəziyyətdədir, burada da, müasir standartlara cavab verən avtomobil yolunun salınmasına zərurət var. Daha sonra, ordumuz və hakimiyyətimiz sayəsində keçmiş Dağlıq Qarabağ ərazisindəki yollar da bizim nəzarətimizə götürüləcək. Ağdamdan Şuşaya, Ağdərədən Kəlbəcərə gedən avtomobil yolu, Yevlax-Bərdə-Ağdam-Xankəndi dəmir yolunu bərpa etmək lazım olacaq”.
Mütəxəssisin bildirdi ki, həmin yolların bərpası və yenidən qurulması üçün samballı məbləğdə vəsaitə ehtiyac olsa da, hazırda dövlətimiz həmin gücə malikdir:
“Fikrimcə bununla bağlı xüsusi inkişaf, bərpa planları hazırlanacaq və onun çərçivəsində də, infrastruktur bərpa ediləcək”.
Elə Politoloq Xəyal Bəşirov da oxşar fikirdə idi. O söylədi ki, qəbul edilmiş razılaşmada Laçın dəhlizi ilə bağlı bəndlər öz əksini tapır. Hazırda həmin ərazidə mövcud yol xətti Şuşa şəhəri ərazisindən keçdiyinə görə, burada yeni yolun salınmasına ehtiyac yaranıb.
“Bu yol Şuşadan yan keçməklə Xankəndinə qədər davam edəcək. Düşünürəm ki, bu ərazilərdə ermənilər yaşayacağı üçün, gələcəkdə xoşagəlməz hallar baş verməsin deyə, yeni yolun çəkilməsi zəruridir. Yeni çəkiləcək yol ermənilərə xidmət edəcəyi üçün, bütün xərclər də onlar tərəfindən ödənməlidir. Yola Rus sülhməramlıları nəzarət edəcək. Hesab edirəm ki, burada sual doğuran əlavə bir məqam yoxdur”.
İqtisadçı Natiq Cəfərli isə söyləyir ki, artıq növbəti mərhələdə biz düşmən tərəfdən dəymiş ziyanla bağlı kompensasiya tələb edə bilərik:
“Azərbaycan tərəfi bütün hüquqi prosedulardan istifadə edib dəymiş ziyanla bağlı, ciddi və beynəlxalq hüquqa uyğun sənədlər hazırlamalıdır. Bir neçə gün öncə üçtərəfli bağlanan saziş sülh müqaviləsi deyil, bu bəyanat idi. Çox güman ki, dekabrdan sonra, Ermənistan qoşunlarını 3 rayondan da çıxardıqdan sonra sülhlə bağlı ilkin danışıqlar olacaq. Mən bildiyim qədəri ilə, artıq bizim əlimizdə müəyyən sənədlər var. Lakin, daha dəqiq, beynəlxalq hüquqa uyğun sənədlərin hazırlanması və masada bu məsələnin qaldırlması çox vacibdir. Söhbət təbii ki 10 milyonlarla dollarlıq vəsaitdən gedəcək. Bütün bu ərazilərin uzun illər işğalda saxlanması itirilmiş qazanc deməkdir. Düşünmürəm ki, Ermənitan bununla həmən razılaşacaq, amma ən azından beynəlxalq hüquq çərçivəsində məsələ qaldırılıb Ermənistan üzərində hər danışıqlarda istifadə etmək, göstərmək lazımdır.
N.Cəfərli onu da vurğuladı ki, Laçın koridorundan çəkiləcək yol, xüsusi bir müqaviləyə əsasən Ermənistan tərəfindən maliyyələşdirilə bilər. Naxçıvanla Azərbaycanı birləşdirəcək yola çəkiləcək xərclər isə hələ məlum deyil:
“Burda bir məqam var ki, biz öz torpaqlarımızda iş aparırıqsa, bunun qarşı tərəfdən maliyyələşməsi siyasi olaraq məqsədə uyğun deyil. Naxçıvan və Azərbaycanı birləşdirəcək yol isə ölkəmizin vəsaiti hesabına salınacaq. Bunun təhlükəsizliyi və marşurutun dəqiqliyi yaxın zamanlarda müəyyənləşdirilməlidir. Lazım olacaq vəsaitin miqdarı isə, marşurutun uzunluğu, infrastrukturun həcmi müəyyənləşdirildikdən sonra məlum olacaq. Çünki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirən yolda həm dəmiryolu, həm avtomobil, həm də boru xətləri çəkilməlidir”.
İnanırıq ki, azad edilən ərazilərimizi uğurlu bərpa mərhələsi gözləyir. Tezliklə maşınla, Şuşaya, Kəlbəcərə, Naxçıvana səyahət edə biləcəyik. İndi bu yollar bizi təkcə əzəli və əbədi torpaqlarımıza deyil, eyni zamanda iqtisadi yüksəlişə doğru aparacaq.
Banu Hüseynli